Prezident İsveçrənin Kantonlar Şurasının sədrini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 9-da İsveçrə Konfederasiyası Kantonlar Şurasının sədri Jan-Rene Furniyenin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Loading...

Prezident İlham Əliyev nümayəndə heyətinin üzvlərini salamlayıb:

“Xoş gəlmisiniz. Sizi Azərbaycanda səmimiyyətlə salamlayıram. Əminəm ki, səfəriniz İsveçrə-Azərbaycan əlaqələrinin gələcək inkişafı üçün önəmli addım olacaq.

Bildiyiniz kimi, bizim əlaqələrimiz uğurla inkişaf edir, bir çox sahələri əhatə edir. İlk növbədə, siyasi əlaqələr haqqında demək istərdim. Son 10 il ərzində hər il İsveçrə və Azərbaycan prezidentləri görüşür və ikitərəfli əməkdaşlıq haqqında fikir mübadiləsi aparırlar. Davos Dünya İqtisadi Forumunun burada, əlbəttə ki, xüsusi rolu vardır. Çünki Forum çərçivəsində bu görüşlər baş verir və bu il də istisna olmamışdır. Bu ilin yanvar ayında İsveçrə Prezidenti ilə görüşümü xatırlayıram. İkitərəfli əlaqələrimizin müxtəlif aspektləri geniş müzakirə edilmişdir və əlaqələrimizə yeni təkan verilmişdir. Eyni zamanda, deməliyəm ki, dövlət səfərləri də təşkil edilmişdir. Mən İsveçrədə dövlət səfərində olmuşam və İsveçrə prezidentləri Azərbaycanda dövlət səfərlərində olmuşlar.

Şadam ki, əlaqələrimiz təkcə siyasi dialoqla məhdudlaşmır, iqtisadi sahədə və sərmayə qoyuluşu sahəsində də yaxşı nəticələr vardır. İsveçrə şirkəti “Holcim” Azərbaycana yüz milyonlarla ölçülən sərmayə qoymuşdur. Həmçinin Azərbaycan şirkətləri də ölkənizə sərmayə qoyurlar və bu proses qarşılıqlı xarakter daşıyır.

Beynəlxalq maliyyə qurumları çərçivəsində də əməkdaşlığımızın xüsusi mənası vardır.

Əlbəttə, münasibətlərimizin ümumi kontekstində parlamentlərarası əlaqələr də önəmli yer tutur və əminəm ki, bu əlaqələrin inkişafı ilə əlaqədar sizin səfəriniz çərçivəsində növbəti addımlar atılacaqdır.

Bir daha sizi salamlayıram və “Xoş gəlmisiniz!” deyirəm”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir